Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Dövlət qurumları əməkdaşlarının miqrasiya sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimə start verilib

06-09-2022 326 dəfə oxunub
Dövlət qurumları əməkdaşlarının miqrasiya sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimə start verilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Dövlət Miqrasiya Xidməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin əməkdaşlığı çərçivəsində “Miqrantların hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq və milli hüquqi çərçivə: monitorinq mexanizmləri, tənzimlənməyən miqrantların saxlanılması prosedurları” adlı təlim keçirilib. Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün təşkil edilmiş təlim  “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)”  layihəsi çərçivəsində Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində baş tutub.

Tədbirin açılış hissəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək, dövlət miqrasiya siyasəti, qurumun bu sahədə fəaliyyəti və əməkdaşların bacarıqlarının təkmilləşdirilməsinin əhəmiyyəti barədə danışıb. Çıxışda insan hüquq və azadlıqlarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın önəmi qeyd olunub.

Ombudsman Səbinə Əliyeva çıxışı zamanı ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən islahatlar, Azərbaycanda İnsan Hüquqları Gününün təsis olunması və Ombudsmanın mandatı barədə məlumat verib. O, bu il 20 illiyi qeyd edilən Ombudsman təsisatının miqrantların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verərək, bu istiqamətdə beynəlxalq əməkdaşlıq əlaqələrinin, iki və çoxtərəfli münasibətlərin genişləndirildiyini bildirib. Ombudsman həmçinin miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində bir sıra əhəmiyyətli addımlar atıldığını qeyd edib.

Ombudsman Azərbaycan torpaqlarının işğalına son qoyulmasının regionda sülhü təmin etməklə yanaşı, miqrasiya və yerdəyişmə üzrə yeni və geniş imkanlar yaratdığını, gələcəkdə həmin ərazilərdə də yerdəyişmə üzrə müxtəlif layihələrin hazırlanması və beynəlxalq əməkdaşlığın yeni müstəvidə inkişafı üçün möhkəm bünövrə qoyulduğunu vurğulayıb.

Ombudsman çıxışı zamanı uzun illərdir davam edən səmərəli əməkdaşlığa görə Dövlət Miqrasiya Xidmətinə və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzə öz təşəkkürünü bildirib. O, həmçinin Avropa İttifaqı və Ombudsman Aparatı arasında əməkdaşlıq çərçivəsində bir sıra layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin rəhbəri Səltənət Məmmədova isə çıxışında MOBILAZE layihəsi haqqında ətraflı məlumat verib. 

Təlim Ombudsman Aparatının nümayəndələrinin təqdimatları ilə davam etdiriləcək.