Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən regionlarda uşaq müəssisələrinə başçəkmələr həyata keçirilib

04-06-2022 293 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən regionlarda uşaq müəssisələrinə başçəkmələr həyata keçirilib

Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrinə başçəkmələr davam etdirilib.Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Gəncə şəhər uşaq evinə, Gəncə şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya, Goranboy rayonu R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziyaya, Zaqatala şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinə və Quba şəhər xüsusi peşə məktəbinə əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilib.

Başçəkmələrdə məqsəd həmin müəssisələrdə yaşayan müxtəlif yaş qruplarından olan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarının, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr zamanı müəssisələrin korpuslarına, yataq, dərs və asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına, tibb otağına və digər yerlərə baxışlar keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları, burada çalışan psixoloq və digər ixtisaslı mütəxəssislərlə, həmçinin uşaqlarla təsadüfi seçim əsasında fərdi və qrup şəklində söhbətlər aparılıb.

Başçəkmələr zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib, habelə uşaqların hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.