Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

19-01-2024 1286 dəfə oxunub
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ombudsman Səbinə Əliyeva tədbirdə çıxışı zamanı 20 Yanvar hadisələrinin tarixi barədə danışıb, bu hadisələrin insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu bildirib.

Müvəkkil Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin şəkildə etiraz etdiyini, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu məsələyə dövlət səviyyəsində hüquqi münasibət bildirdiyini qeyd edib.

Ombudsman 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsinin, bu cinayətləri törədən şəxslərin qanun qarşısında cavab verməsinin, layiqli cəzalarını almasının əhəmiyyətindən danışıb.

S.Əliyeva 20 Yanvar faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb, 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanat ünvanlandığını bildirib.

Ombudsman qeyd edib ki, ötən ilin sentyabr ayında uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı vaxtilə azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş, beynəlxalq hüququn, eləcə də beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş şəxslərin bəzilərinin ədalət mühakiməsi qarşısında cavab verdikləri kimi, 20 Yanvar hadisələrini törətmiş şəxslər də qanun qarşısında cavab verəcək, cinayətkarlar layiqli cəzalarını tapacaqlar.

Tədbirdə, eyni zamanda, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Aparatın bir sıra əməkdaşları mövzu ilə bağlı fikirlərini və xatirələrini bölüşüblər.