Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri autizmli uşaqlar üçün hazırlanmış mobil tətbiqin və yeni saytın təqdimatında iştirak ediblər

04-06-2022 286 dəfə oxunub
Ombudsmanın nümayəndələri autizmli uşaqlar üçün hazırlanmış mobil tətbiqin və yeni saytın təqdimatında iştirak ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin layihəsi çərçivəsində autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytının təqdimat mərasimi keçirilib.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, uşaq inkişaf mütəxəssislərinin, tibb işçilərinin, pedaqoqların, valideynlərin iştirakı ilə keçirilmiş tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və baş məsləhətçisi Aydan Talıbova iştirak ediblər.

Hazırda ölkəmizdə keçirilən “İnsan Hüquqları Aylığı”na təsadüf edən tədbirdə çıxış edən M.Mahmudov iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayıb və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib.

Təqdimatı keçirilən elektron resursların autizmli uşaqların psixoloji, pedaqoji və sosial reabilitasiyası, onların təhsil imkanlarının, idrak, qavrama, kiçik və böyük motor, sosial, nitq, təqlid bacarıqlarının artırılması, intellektual inkişafının təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Bu qəbildən olan uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verilməsi və uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların maarifləndirilməsinə xidmət edən bu kimi layihələrin davamlı olmasının vacibliyi vurğulanıb.