Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günündə penitensiar müəssisələrdə görüş keçirib

01-06-2022 290 dəfə oxunub
Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günündə penitensiar müəssisələrdə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün penitensiar müəssisələrdə keçirilmiş tədbirdə iştirak edib.

Tədbir iştirakçılarını salamlayan S.Əliyeva əlamətdar gün münasibətilə bütün uşaqları təbrik edib, tədbirin Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı”na təsadüf etdiyini bildirib.

Daha sonra Ombudsman penitensiar müəssisələrdə olan hər bir şəxsin hüquqlarının müdafiəsinin təsisat tərəfindən nəzarətdə saxlanıldığını bildirib.

Ombudsman bu yaxınlarda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Əfv Sərəncamından söz açaraq, dövlətimizin uzun illərdir davam etdirilən humanizm siyasətindən danışıb. Həmin Sərəncama əsasən bir çox qadın məhkumun da əfv olunaraq ailələrinə qovuşduğu bildirilib.

Daha sonra S.Əliyeva təsisatın fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri əsasında 805 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayanlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumların əfv edildiyini diqqətə çatdırıb.

Ombudsman çıxışında onu da vurğulayıb ki, ölkəmizdə uşaqlar bu cür müəssisədə deyil, təhsil müəssisələrində olmalıdırlar. 

Çıxış zamanı S.Əliyeva uşaqların hüquqlarının təmin edilməsinin hər zaman ölkə başçısı və Birinci vitse-prezident tərəfindən diqqətdə saxlanıldığını bildirib. Ombudsman həmçinin dövlət tərəfindən müasir standartlar əsasında inşa olunmuş bu müəssisələrdə məhkumların islah olunması və hüquqlarının təmin olunması üçün hər bir şəraitin olduğunu qeyd edib.

Sonda S.Əliyeva məhkumlara bir daha bayram təbriklərini çatdıraraq, onlara yaxın zamanlarda ailələrinə qovuşmağı arzulayıb.