Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında istehsalat təcrübəsi keçən tələbələrin növbəti qrupuna xasiyyətnamələr təqdim edilib

16-09-2022 199 dəfə oxunub
Ombudsman Aparatında istehsalat təcrübəsi keçən tələbələrin növbəti qrupuna xasiyyətnamələr təqdim edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında tələbələrin istehsalat təcrübəsinin ikinci mərhələsinə yekun vurulub. Bu mərhələdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin IV kurs və Qərbi Kaspi Universitetinin Politologiya ixtisası üzrə V kurs tələbələri təcrübələrini başa çatdırıblar.

Hibrid formatda keçirilən təcrübə müddətində praktikantlara məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatı haqqında ümumi məlumat verilib. Daha sonra tələbələr “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, Ombudsmanın vətəndaşların müraciətlərinə baxılması, informasiya əldə etmək hüququnun müdafiəsi, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, işgəncələrin qarşısının alınması sahəsindəki fəaliyyəti ilə tanış olublar.

İstehsalat təcrübəsinin yekununda Ombudsman Səbinə Əliyeva tərəfindən praktikantlara xasiyyətnamələr təqdim edilib, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına nail olmaq üçün hüquqi biliklərə və təcrübəyə malik olan gənclərin maarifləndirmə sahəsində fəal iştirak etməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, xasiyyətnamələrin təqdimatı mərasimində Ombudsmanın mentoru olduğu “Yüksəliş” müsabiqəsinin qalibi də iştirak edib.