Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ankara Universitetində tələbələrlə görüş keçirib

17-05-2022 235 dəfə oxunub
Ombudsman Ankara Universitetində tələbələrlə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ankara Universitetində tələbələrlə keçirilən görüşdə məruzə ilə çıxış edib. Tədbirdə Türkiyənin Baş Ombudsmanı, Ankara Universitetinin rektoru və Hüquq fakültəsinin dekanı da çıxış ediblər. 

Dəvətə görə təşəkkürünü bildirən Ombudsman səfəri çərçivəsində Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılması mərasimində, habelə Azərbaycana qarşı törədilmiş insan hüquqları pozuntuları ilə əlaqədar hesabatın təqdimatında iştirak etdiyini diqqətə çatdırıb. S.Əliyeva Bursada əsası qoyulmuş bu birlik vasitəsilə türkdilli ölkələrin ombudsmanları arasında əlaqələrin daha da güclənəcəyinə inamını ifadə edib. O, çıxışı zamanı həmçinin ötən il İƏT Ombudsmanlar Assosiasiyası nümayəndə heyətinin Azərbaycanın işğal və müharibə nəticəsində zərər çəkmiş mülki yaşayış məntəqələri, tarixi-mədəni abidələri, minalanmış  ərazilərinə baxış keçirdiyini, yekun olaraq beynəlxalq humanitar hüququn pozulması faktlarına dair hesabatın hazırlandığını vurğulayıb.

Daha sonra Ombudsman tələbələrə müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəaliyyət, bu islahatların davamı olaraq əsası qoyulmuş və 20 ildir məhkəmədənkənar hüquq müdafiə mexanizmi olaraq fəaliyyət göstərən Ombudsman təsisatı ilə bağlı məlumat verib. Tədbir iştirakçıları həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, ayrı-ayrı əhali qruplarının hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti, eləcə də təsisatın beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri barədə ətraflı məlumatlandırılıb.