Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT Ombudsmanlar Assosiasiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı keçirilib

16-05-2022 230 dəfə oxunub
İƏT Ombudsmanlar Assosiasiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı keçirilib

Bu gün Ankara şəhərində Türkiyənin Baş Ombudsmanı və İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən 14-19 sentyabr 2021-ci il tarixlərində Azərbaycana səfər çərçivəsində Şuşa, Ağdam və Tərtər şəhərlərində aparılmış yerində araşdırmaların nəticələri əsasında hazırlanmış hesabatın təqdimatı keçirilib. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təqdimat mərasimində iştirak edərək, hesabatla bağlı fikirlərini bildirib. 

Qeyd olunub ki, hesabatın hazırlanmasında əsas məqsəd zorla doğma yurdlarından qovulmuş ailələrin evlərinə geri qayıtması üçün Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsinin təşviq olunması, bu məsələ ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın və təzyiqlərin artırılması, işğal dövründə, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş insan hüquq pozuntularına qiymət verilməsidir.

Təqdimat zamanı diqqətə çatdırılıb ki, yerində araşdırmalar çərçivəsində işğaldan azad edilmiş ərazilərdəki dağıdılmış tarixi-mədəni abidələrə baxış keçirilib. Həmçinin nümayəndə heyətinin Azərbaycan torpaqlarında yerləşdirilən və xəritələri verilməyən yüz minlərlə minanın basdırıldığı ərazilərə səfər edərək minatəmizləmə prosesi ilə tanış olduğu da vurğulanıb.

Mətbuata verilən açıqlamalar zamanı Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə məlumat verməməsi, habelə mina probleminin ciddi təhlükə olaraq qalması barədə danışılıb.

Yekunda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.