Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfransda iştirak edib

06-05-2022 266 dəfə oxunub
Ombudsman Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-praktiki konfransda “Vətən müharibəsi və postmüharibə dövründə insan hüquqlarının müdafiəsində Ombudsmanın rolu” adlı məruzə ilə çıxış edib.

Konfrans iştirakçılarını salamlayan S.Əliyeva Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən mütərəqqi hüquqi islahatların əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Ombudsman müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının layihəsinin Ulu Öndərin sədrlik etdiyi komissiya tərəfindən hazırlandığını və 1995-ci il noyabrın 12-də Konstitusiyamız ümumxalq səsverməsində qəbul edildikdən sonra ölkəmizdə insan hüquqlarının səmərəli təmini məqsədilə islahatlar həyata keçirildiyini bildirib. O, çıxışı zamanı “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunundan söz açıb. 

S.Əliyeva Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş Konstitusiya Qanununa əsasən yaradılmış Ombudsman Aparatının insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyətindən, o cümlədən Vətən müharibəsi və postmüharibə dövründə həyata keçirilən faktaraşdırıcı missiyalar, ardıcıl şəkildə hazırlanaraq beynəlxalq ictimaiyyətə ünvanlanmış  hesabat, bəyanat və müraciətlərdən danışıb.

Ombudsman çıxışında Vətən müharibəsi və postmüharibə dövründə insan hüquqlarının daha etibarlı müdafiəsi, o cümlədən pozulan hüquqların bərpası və insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətindəki fəaliyyəti və insanların dövlət orqanlarına müraciətlərinin vaxtında cavablandırılması, məlumatlılıq səviyyəsinin artırılması, vəzifəli şəxslər tərəfindən vətəndaşlara diqqət və qayğı ilə yanaşılmasının zəruriliyinə toxunub.