Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən autizmli şəxslərin hüquqları ilə bağlı tədbirlər təşkil olunub

30-04-2022 251 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən autizmli şəxslərin hüquqları ilə bağlı tədbirlər təşkil olunub

Ombudsmanın Gəncə, Cəlilabad, Şəki və Quba regional mərkəzləri tərəfindən autizm mövzusuna həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən autizmlə bağlı maarifləndirmə aylığı çərçivəsində Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən autizmli uşaqların və onların valideynlərinin iştirakı ilə “Autizmli şəxslərin hüquqlarının təbliği və müdafiəsi” mövzusunda tədbir keçirilib. Tədbir zamanı Müvəkkilə müxtəlif məsələlərlə bağlı müraciət etmək istəyən  autizmli uşaqların valideynlərinin müraciətləri Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən qəbul edilib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən Cəlilabad Rayon Mərkəzi Kitabxanasında “Autizm haqqında ictimaiyyətin məlumatlandırılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.  

Ombudsmanın Şəki Regional Mərkəzi  isə Şəki İnteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimlərinin, Şəki Şəhər Təhsil Şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Şəki şöbəsinin, Şəki Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin əməkdaşlarının, autizm spektr pozuntusu olan uşaqların valideynlərinin və Şəki Tibb Kollecinin tələbələrinin iştirakı ilə “Autizmli şəxslərin sosial-hüquqi müdafiəsinə dəstək” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirib. 

Maarifləndirmə ayı çərçivəsində Ombudsmanın Quba Regional Regional Mərkəzi tərəfindən mərkəzin ofisində “Autizimli şəxslərin sosial inklüziyasına dəstək olaq”  mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Regional mərkəzlərin keçirdiyi tədbirlərdə dövlət tərəfindən autizmli insanların problemlərinin aradan qaldırılması sahəsində davamlı siyasət aparıldığı qeyd olunub. Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxışları zamanı sağlamlıq imkanları məhdud, o cümlədən autizm spektr pozuntusu olan uşaqların hüquqlarının müdafiəsinə Ombudsman tərəfindən xüsusi diqqət yetirildiyini bildiriblər. Autizmlə bağlı cəmiyyətin maarifləndirilməsi, həmin uşaqlarla məşğul olan mütəxəssislərin peşəkarlığının artırılması, bu qrupdan olan insanların sosial proseslərdə iştirakının təmini istiqamətində tədbirlərin zəruriliyi diqqətə çatdırılıb. Eləcə də, Ombudsman  tərəfindən autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı ilə əlaqədar xüsusi normativ hüquqi aktın və müvafiq dövlət proqramının qəbul edilməsinin təklif olunduğu vurğulanıb.

Tədbirlərdə mövzu ilə bağlı ətraflı müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.