Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman növbəti dəfə “Yüksəliş” müsabiqəsinin qalibini qəbul edib

27-04-2022 200 dəfə oxunub
Ombudsman növbəti dəfə “Yüksəliş” müsabiqəsinin qalibini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mentorluq proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə ilə növbəti dəfə görüş keçirib.

Görüşdə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə beynəlxalq ictimaiyyətin Ermənistan silahlı qüvvələrinin törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı faktlar barədə məlumatlandırılması məqsədilə Ombudsmanın həyata keçirdiyi faktaraşdırıcı missiyalar, habelə mina problemi ilə əlaqədar etdiyi müraciətlərdən danışılıb. 

Daha sonra Müvəkkil məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərinin araşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlərlə edilən müraciətlər, eyni zamanda, qeyd edilən komissiyasının işində iştirakla bağlı geniş məlumat verib. Qeyd olunub ki, fəaliyyəti dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 774, 2021-ci ildə isə 72 məhkum əfv olunub.

Görüş zamanı S. Əliyeva müsabiqə qalibinin cəlb olunduğu əlilliyi olan şəxslərin hüquqlarına dair layihə ilə maraqlanıb və onun icrası ilə bağlı təklif və tövsiyələrini bildirib. 

Yekunda Ombudsman faktaraşdırıcı missiyalar, həmçinin digər müxtəlif hüquq pozuntuları ilə əlaqədar Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatları L.Qafarzadəyə təqdim edib.

Qeyd olunmalıdır ki, mentorluq proqramı çərçivəsində dörd ay ərzində fəaliyyət planına uyğun olaraq təsisatın müvafiq struktur bölmə rəhbərləri ilə bir sıra görüşlər keçirilib. Bundan əlavə, L.Qafarzadə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri ilə birlikdə 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə başçəkmədə iştirak edib. O, layihə çərçivəsində təşkil olunan başçəkmədə müxtəlif yaş qruplarından olan uşaqlarla söhbət aparıb və onların təhsil hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb.