Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüş keçirib

26-04-2022 211 dəfə oxunub
Ombudsman ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüş keçirib

Ombudsman Səbinə Əliyeva ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyronu qəbul edib.

İlk olaraq S.Əliyeva qonaqlara Azərbaycan Ombudsman  təsisatının çoxşaxəli fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətləri, son iki il ərzində həyata keçirilmiş yeniliklər, o cümlədən yeni yaradılan şöbə və sektorlar haqqında məlumat verib.

Daha sonra Ombudsman müxtəlif dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlər və irəli sürülən təkliflər haqqında ətraflı məlumat verib. S.Əliyeva sonuncu illik məruzədə müxtəlif əhali qruplarının hüquqlarının təmininə xidmət edən 70-dən artıq təklif verildiyini qeyd edib.

Bildirilib ki, Ombudsman tərəfindən əhalinin məlumatlılığının artırılması məqsədilə paytaxt və regionlarda tədbirlər keçirilir, maarifləndirici çap materialları yayımlanır, həmçinin Ombudsmanın sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyətə çağırışlar edilir.

Bundan başqa, ATƏT nümayəndəsinə pandemiya dövründə Ombudsmanın mövcud iki qaynar xəttinin vahid mərkəzdə birləşdirilməsi yolu ilə yaradılmış, 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli Çağrı Mərkəzi haqqında da məlumat verilib.

Daha sonra qonaqlar informasiya əldə etmək hüququnun təmininə nəzarət funksiyasının icrası ilə bağlı ətraflı məlumatlandırılıb, onlara təsisatın nəşrləri olan “İnformasiya əldə etmək hüququmuzu bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı maarifləndirici bukletlər təqdim edilib.

Görüş zamanı diqqətə çatdırılıb ki, Ombudsman Aparatı tərəfindən Azərbaycanda media azadlığı, jurnalistlərin hüquqlarının müdafiəsi, onların peşə hazırlığının və hüquqi biliklərinin artırılması məqsədilə müxtəlif tədbirlər, təlimlər və seminarlar təşkil edilib.

Yekunda Ombudsman ona ünvanlanan sualları cavablandırıb.