Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri təşkil olunub

25-04-2022 263 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri təşkil olunub

Ombudsmanın  Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzləri tərəfindən müxtəlif əhali qrupları üçün hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzi sağlamlıq imkanları məhdud uşaqları və əlilliyi olan gəncləri birləşdirən “Fərəh” İctimai Birliyinin ofisində gənclərin iştirakı ilə “Ayrı-seçkiliklə mübarizə” mövzusunda hüquqi maarifləndirici təlim keçirib. Təlimdə Ombudsmanın ayrı-seçkilik əleyhinə mübarizə sahəsində hüquqi maarifləndirməyə xüsusi əhəmiyyət verdiyi, bu istiqamətdə təsisatın Avropa Şurasının Bakı nümayəndəliyi ilə səmərəli əməkdaşlıq qurduğu, Avropa Şurasının Azərbaycan üçün qəbul etdiyi 2022-2025-ci illəri əhatə edən fəaliyyət planında əsas istiqamətlərdən birinin də məhz ayrı-seçkiliklə mübarizə olduğu bildirilib. Təlimdə iştirakçılara ayrı-seçkiliklə mübarizəyə həsr olunmuş maarifləndirici bukletlər təqdim olunub.

 Ombudsmanın Quba Regional Mərkəzinin təşkilatçılığı ilə Siyəzən şəhərinin 6 və 3 nömrəli tam orta məktəblərində “İnsan hüquqlarının təmin olunmasında ayrı-seçkiliklə mübarizənin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə şagirdlərə insan hüquq və azadlıqları, ayrı-seçkiliklə mübarizə sahəsində milli və beynəlxalq aktlar barədə  məlumat verilib. Eyni zamanda, Azərbaycan Ombudsman təsisatının bu sahədə təcrübəsi, təsisata müraciət etmək  üçün vasitələr, o cümlədən 916 Çağrı Mərkəzi barədə məlumatlar da diqqətə çatdırılıb. Daha sonra iştirakçıların sualları cavablandırılıb və onlara hüquqi-maarifləndirici çap vəsaitləri təqdim olunub.

Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən Şəki “ASAN xidmət” mərkəzində, Şəki, Qax və Oğuz rayonlarında ASAN könüllülərinin, yerli icra və özünüidarəetmə orqanlarının əməkdaşlarının, sakinlərin, o cümlədən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə veteranlarının iştirakı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda hüquqi maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, Ombudsmanın bu sahədə rolu və əsas fəaliyyət istiqamətləri, müraciətlərə baxılma qaydası barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə Lənkəran Peşə liseyində “Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbir zamanı insan hüquqları ilə əlaqədar beynəlxalq sənədlər, Konstitusiya və digər milli qanunvericilik aktları, habelə ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi yaradılmış Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti barədə məlumat verilib.