Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Sabirabad rayonunda “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbiri keçirilib

22-04-2022 249 dəfə oxunub
Sabirabad rayonunda “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Sabirabad Rayon Heydər Əliyev Mərkəzində informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı hüquqi maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, təhsil şöbəsinin və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və şöbənin əməkdaşları çıxışları zamanı Müvəkkilin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri barədə məlumat veriblər. İnformasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin iştirakçılar informasiya əldə etmək hüququnun tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında da məlumatlandırılıb.

Daha sonra informasiya əldə etmək hüququ haqqında təqdimat keçirilib, informasiya əldə etmək azadlığı, informasiya sahiblərinin vəzifələri və sorğuçuların hüquqları, qanunda göstərilmiş digər maddələr haqqında ətraflı məlumat verilib.

Tədbirin davamında mövzuya dair qarşılıqlı geniş fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.

Yekunda tədbir iştirakçılarına “İnformasiya əldə etmək hüququmuzu bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı maarifləndirici bukletlər təqdim edilib.