Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisənin ictimaiyyətə təqdimatında iştirak edib

15-04-2022 306 dəfə oxunub
Ombudsman qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisənin ictimaiyyətə təqdimatında iştirak edib

15 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, millət vəkilləri, hüquq müdafiəçiləri, aidiyyəti dövlət qurumları və KİV nümayəndələri Ədliyyə Nazirliyi tərəfindən Bakıda inşa olunan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün müasir penitensiar müəssisəsinin ictimaiyyətə təqdimatında iştirak ediblər.

Ombudsman tədbirdə çıxış edərək, Ümumilli Lider Heydər Əliyevin müəllifi olduğu və cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən hüquq islahatlarından danışıb. S.Əliyeva ölkə Prezidentinin cəza-icra siyasətinin humanistləşdirilməsi ilə bağlı  10 fevral 2017-ci il tarixli  Sərəncamının penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi və saxlanma şəraitinin daha da təkmilləşdirilməsində rolunu qeyd edib.

Ombudsman bildirib ki, yeni penitensiar müəssisələrin açılması məhz bu Sərəncamdan irəli gələn tələb kimi qiymətləndirilməlidir. Müəssisənin Avropa Penitensiar Qaydaları və digər beynəlxalq aktlarda nəzərdə tutulmuş müasir standartlara cavab verdiyi xüsusilə vurğulanıb.

Sonra Ombudsmana müraciət edən bir qrup məhkumla söhbət aparılıb.

Sonda məhkumlar üçün ədəbi-bədii hissə təşkil edilib.