Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 4-cü “Fərqli Fərdlər” Konqresində çıxış edib

05-03-2022 246 dəfə oxunub
Ombudsman 4-cü “Fərqli Fərdlər” Konqresində çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilən 4-cü “Fərqli Fərdlər” Konqresində açılış nitqi ilə çıxış edib.

Hibrid formatda keçirilən həmin tədbirdə çıxışı zamanı Ombudsman Səbinə Əliyeva  Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının təmini, onların sosial müdafiəsi və reabilitasiyası ilə bağlı kompleks tədbirlər həyata keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin yaradılması və ya əsaslı təmir edilərək istifadəyə verilməsi, onların yeni avadanlıqlarla təmin olunması ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Müvəkkil təsisatın fəaliyyətində uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan azyaşlıların hüquqlarının təmini və müdafiəsinə xüsusi önəm verildiyini, onların hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanıldığını qeyd edib. Ombudsman bildirib ki, Azərbaycanda autizmli insanların həlli vacib olan bir sıra problemlərinin aradan qaldırılması üçün dövlətin bu sahədə həyata keçirdiyi siyasətin davamı olaraq “Autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi və onun icrasının səmərəli təmini məqsədilə müvafiq dövlət proqramının hazırlanaraq təsdiq edilməsi məqsədəuyğundur. Həmçinin övladına autizm spektr pozuntusu diaqnozu qoyulan valideynlərlə də xüsusi psixoloji söhbətlər aparmalı və onlar bu barədə hərtərəfli surətdə məlumatlandırılmalıdır.

Ombudsman bildirib ki, cəmiyyətdə autizm spektr pozuntusu olan uşaqlarla sosial iş sahəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə kütləvi informasiya vasitələrində, əsasən də televiziya kanallarında bu sahədə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə silsilə verilişlər təşkil olunmalı və digər geniş maarifləndirici işlər görülməlidir.

Konqresdə müxtəlif qurumlarının rəhbər və nümayəndələri, yerli və xarici ekspertlər çıxış ediblər, mövzu ilə bağlı ətraflı müzakirə aparılıb.