Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir

27-01-2022 280 dəfə oxunub
Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində məhkumların, o cümlədən əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi mühüm yer tutur. Bu məqsədlə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən penitensiar müəssisələrdə müntəzəm olaraq monitorinqlər, orada saxlanılan şəxslərlə görüşlər, müraciətlərin qəbulu və araşdırılması həyata keçirilir.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə növbəti başçəkmələr Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində keçirilib.

MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmələrdə əlilliyi olan 42 məhkumla fərdi görüş keçirilib, müraciətləri dinlənilib, bəzi şəxslərin Ombudsmana ünvanlanmış ərizələri qəbul olunub.

Məhkumların müraciətlərində yer alan məsələlər, xüsusilə əlilliyə görə pensiya və müavinətlərin dayandırılması və əlilliyin yenidən qiymətləndirilməsində mövcud olan problemlər, tibbi xidmət və dərman preparatları ilə təmin olunma və digər bu kimi məsələlər qanunvericiliyə uyğun şəkildə cavablandırılıb, hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib.

Məhkumlar onların hüquqlarını daim diqqətdə saxladığına, müraciətlərinin təminində göstərdiyi dəstəyə və vəziyyətləri ilə maraqlandığına görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.

MPQ üzvləri monitorinqlər çərçivəsində əlilliyi olan məhkumlarla yanaşı, üç yaşına çatmamış uşağı ilə birgə yaşayan məhkum qadınlarla, eləcə də yetkinlik yaşına çatmayan uşaqlarla görüşüb, müəssisələrdə rəftar və saxlanma şəraitini araşdırıblar.

Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyinə  saxlanma şəraitinin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin hüquqlarının, xüsusən də sağlamlıq hüququnun təmin edilməsinə diqqətin artırılması məqsədilə tövsiyələr verilib.