Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbirlər keçirib

26-02-2022 269 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbirlər keçirib

30 il bundan öncə Xocalıda törədilən qətliamın anım günü ilə əlaqədar Ombudsmanın Quba, Şəki, Cəlilabad və Gəncə regional mərkəzləri bir sıra tədbirlər keçirib. 

Ombudsmanın Gəncə Regional Mərkəzi Gəncə, Samux, Yevlax və Qazax rayonlarından müxtəlif müəssisələrin nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinə dair silsilə tədbirlər keçirib. 

Tədbirlərdə çıxış edən Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bu dəhşətli cinayət nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulduğunu vurğulayıb. Həmçinin Xocalı soyqırımının Ermənistanın təcavüzü nəticəsində başlanmış silahlı münaqişənin gedişatında baş verdiyindən törədilmiş cinayətlərin beynəlxalq humanitar hüquq normalarına əsasən də tövsif edilməli olduğu qeyd olunub.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Peşə liseyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, habelə liseyin müəllim və tələbələri iştirak ediblər. 

Tədbir zamanı 1992-ci ildə Xocalıda mülki əhaliyə qarşı törədilmiş soyqırım haqqında danışılıb, onun bəşəriyyətə qarşı törədilmiş cinayət aktı olduğu vurğulanıb. Sonda Xocalı soyqırımına həsr olunmuş qısametrajlı filmə baxılıb.

Ombudsmanın Quba Regional Mərkəzi də müxtəlif dövlət qurumları ilə birgə  Qubada, Xaçmazda və Qusarda Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirib. Tədbirlərə sözügedən rayonların fəal gəncləri, din xadimləri, yerli dövlət qurumlarının nümayəndələri və ictimayət nümayəndələri qatılıblar. 

Tədbirlər zamanı Ombudsmanın Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar verdiyi bəyanatın mətni iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Quba rayonunda təşkil olunmuş qanvermə aksiyasında iştirak edib.

Ombudsmanın Şəki Regional Mərkəzi isə şəhər 10 və 12 saylı tam orta məktəblərdə və Şəki Tibb Kollecində, həmçinin Mingəçevir şəhər Ruslan Muradov adına Texniki-humanitar liseydə müəllim, şagird və tələbələrin iştirakı ilə tədbirlər keçirib. 

Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov  tədbirlərdə çıxışı zamanı Xocalıda törədilən cinayət əməllərinin beynəlxalq və dövlətdaxili hüquqa əsasən soyqırım olduğunu, dünya ictimaiyyətinin məlumatlandırılmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi rol oynadığını bildirib. Xocalıda törədilmiş kütləvi qırğını bir sıra dövlətlərin parlamentlərinin soyqırım kimi qəbul etdiyi, 24 ABŞ ştatının faciəni qətiyyətlə pislədiyi, İslam Əməkdaşlıq Təşkilatının da Xocalı soyqırımını tanıdığı qeyd olunub.

Regional mərkəzlərin nümayəndələri çıxışları zamanı Ombudsmanın Xocalı soyqırımı ilə əlaqədar ənənəvi olaraq, o cümlədən soyqırımın 30-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə ünvanladığı bəyanat barədə iştirakçılara məlumat veriblər.