Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

25-02-2022 321 dəfə oxunub
Ombudsman Aparatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ombudsman Səbinə Əliyeva çıxış edərək, Xocalıda Ermənistan silahlı birləşmələri, terrorçu dəstələri və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının törətdiyi dəhşətli cinayət barədə danışıb. 

S.Əliyeva soyqırım nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin xüsusi qəddarlıqla öldürüldüyünü, 487 nəfərin müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığını, 1275 nəfərin girov götürülərək, işgəncələrə məruz qaldığını qeyd edib. Bildirilib ki,  150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Xocalıda törədilmiş həmin aktın beynəlxalq hüquqa əsasən soyqırım olaraq tövsif edilməli olduğunu bildirən Ombudsman bu cinayətə hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıb. Daha sonra Ombudsmanın Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanatı səsləndirilib.

Tədbirdə Ombudsmanın təşəbbüsü əsasında hazırlanmış, soyqırım şahidlərinin ifadələrinin də yer aldığı “Xocalı şahidi” adlı filmin təqdimatı keçirilib. 

Yekunda S.Əliyeva Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinə Allahdan rəhmət diləyib, onların xatirəsinin daim əziz tutulacağını qeyd edib.