Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Özbəkistan Ombudsman İnstitutu tərəfindən keçirilən beynəlxalq tədbirdə iştirak edib

23-02-2022 229 dəfə oxunub
Azərbaycan Ombudsmanı Özbəkistan Ombudsman İnstitutu tərəfindən keçirilən beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Özbəkistan Respublikası Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutunun 27 illiyinə həsr olunmuş, “İnsan hüquq və azadlıqlarının təminatı ən yüksək dəyər və ölkədə keçirilən islahatların əhəmiyyətli meyarı kimi” mövzusunda hibrid formatda keçirilən beynəlxalq konfransda iştirak edib. Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Rusiya, Tailand, Qazaxıstan, Tacikistan, Türkmənistan, Macarıstan, Serbiyanın insan hüquqları üzrə müvəkkilləri və digər səlahiyyətli qurumlarının nümayəndələri, habelə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri və ATƏT-in Özbəkistandakı Layihələr üzrə koordinatoru çıxış ediblər.

Azərbaycan Ombudsmanı konfransda əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi mövzusunda məruzə ilə çıxış edib. Ombudsman iştirakçılara əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verib. S.Əliyeva Ombudsmanın təklifləri də nəzərə alınmaqla, 2018-ci ildə Azərbaycan  Respublikasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun qəbul olunduğunu və qanunvericilik aktlarında “əlil”, “şikəst”, “fiziki qüsurlu” və digər bu kimi ifadələrin yeni terminlərlə əvəz edilməsi ilə bağlı dəyişikliklərin edildiyini bildirib.

S.Əliyeva fəaliyyəti dövründə Ombudsman Aparatında bu sahə ilə məşğul olan ayrıca struktur vahidinin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb. Çıxış zamanı bildirilib ki, Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən penitensiar, sosial xidmət, səhiyyə, o cümlədən psixiatriya müəssisələrində əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, o cümlədən saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarının araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Ombudsman COVID-19 pandemiyası dövründə əlilliyi olan şəxslərin sağlamlıq vəziyyəti nəzərə alınmaqla hüquqlarının daha səmərəli təmini məqsədilə səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş çoxsaylı təklif və tövsiyələrlə bağlı məlumat verib.

Yekunda S.Əliyeva ölkəmizdə insan hüquq və azadlıqlarının təmini sahəsində həyata keçirilən islahatların, eləcə də Ombudsmanın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinin sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının daha səmərəli müdafiəsinə töhfə verəcəyinə inamını ifadə edib.

Konfransda digər ölkələrin bu sahədə təcrübələri barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.