Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Bakı Dövlət Universitetində keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxış edib

22-12-2021 231 dəfə oxunub
Ombudsman Bakı Dövlət Universitetində keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxış edib

Bakı Dövlət Universitetinin (BDU-nun) Hüquq fakültəsi tərəfindən Almaniya, Qazaxıstan, Litva və Fransanın aparıcı universitetləri ilə birgə “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransa dövlət xadimləri, tanınmış elm adamları, yerli və beynəlxalq mütəxəssislər, gənc tədqiqatçılar habelə Türkiyə, Almaniya, Qazaxıstan, Litva, Fransa, Ukrayna, Rusiya, Moldova, Özbəkistandan hüquqşünas-alimlər qatılıblar.

Ombudsman Səbinə Əliyeva tədbirin açılış mərasimində və “İnsan hüquqları, əqli mülkiyyət və informasiya hüququ” mövzusuna həsr olunmuş tematik sessiyada çıxış edib.

Müvəkkil ümumilikdə çıxışı zamanı insan hüquqlarının təmin edilməsində milli hüququn rolunun əsas xüsusiyyətləri, Konstitusiya və insan hüquqlarının müdafiəsi sahəsində qəbul edilmiş dövlət proqramlarının əhəmiyyəti barədə danışıb. S.Əliyeva əhalinin hüquqi baxımdan maarifləndirilməsinin, elm sahəsində çalışanların insan hüquqlarına dair problemlərin tədqiqi ilə məşğul olmasının zəruriliyinə toxunub. O, dövlətin Ali Qanununda insan hüquqlarının təbii xarakter daşımasının təsbit edildiyini qeyd edərək, həmin hüquqların bərabər şəkildə və ayrı-seçkiliyə yol verilmədən təminində daim inkişaf edən hüquq elminin danılmaz rolundan bəhs edib.

Ombudsman insan hüquqlarına dair normativ hüquqi aktların beynəlxalq standartlara uyğunluğunun və müvafiq müdafiə mexanizmlərinin səmərəli fəaliyyətinin təmini məqsədilə ölkədə uğurla icra edilən insan hüquqları sahəsində milli fəaliyyət planları və proqramları barəsində danışıb.

S. Əliyeva Ombudsman təsisatının əsas fəaliyyət istiqamətlərindən birinin hüquqi maarifləndirmə olduğunu bildirib. O əlavə edib ki, bu sahədə orta və ali məktəblərdə müvafiq olaraq iş aparılır. Belə ki, orta ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə, universitetlərdə isə insan hüquqlarına dair müxtəlif mövzularda maarifləndirməyə dəstək verilir. S.Əliyeva Ombudsman təsisatının BDU-da tələbələrin insan hüquqları üzrə ixtisaslaşması prosesində yaxından iştirak etməsini buna misal kimi göstərib.

S.Əliyeva konfrans iştirakçılarına “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə Müvəkkilə verilmiş səlahiyyətlər barəsində məlumat verib.