Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

12-12-2021 298 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar onun xatirəsini yad ediblər.

Ombudsman Aparatında anım günü ilə bağlı tədbir keçirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsman tədbirdə çıxış edərək, Heydər Əliyevin önəmli tarixi xidmətləri barədə danışıb. O, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin, insan hüquqları sahəsində dövlət proqramlarının təsdiq edilməsinin, Ombudsman təsisatının yaradılmasının insan hüquq və azadlıqlarının təmini baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Ombudsman Səbinə Əliyeva Aparatın əməkdaşları ilə birgə Fəxri xiyabanı ziyarət edərək, onun məzarı önünə güllər düzüb və xatirəsinə ehtiramını ifadə edib. Ombudsman görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edib.

Ombudsmanın regional mərkəzləri də digər qurumlarla birgə, gənclərin geniş iştirakı ilə Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbirlər təşkil ediblər.

Tədbirlərdə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlar barədə məlumat verilib. Müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində ulu öndərin rəhbərliyi ilə atılmış addımlar barədə danışılıb. Heydər Əliyevin nümunəvi azərbaycanlı kimi göstərdiyi misilsiz xidmətlərin unudulmayacağı, əziz xatirəsinin hər zaman yaşadılacağı qeyd olunub.