Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Jest dilinə tərcümə edilmiş “Uşaq Hüquqları Konvensiyası” elektron kitabı geniş ictimaiyyətə təqdim edilib

10-12-2021 242 dəfə oxunub
Jest dilinə tərcümə edilmiş “Uşaq Hüquqları Konvensiyası” elektron kitabı geniş ictimaiyyətə təqdim edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi F. Köçərli adına Respublika Uşaq Kitabxanası, Milli-İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA) və “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək Təşkilatı birgə jest dilinin inkişaf etdirilməsi məqsədilə sosial yönümlü layihə həyata keçirib.

10 dekabr 2021-ci il tarixində layihənin tərəfdaş qurumlarının iştirakı ilə “Hüquqlarımız ilə güclü və xoşbəxtik” devizi altında 10 Dekabr- Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş jest dilinə tərcümə edilmiş BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında hazırlanmış elektron kitabın təqdimat mərasimi təşkil edilib.

Təqdimat mərasimində Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi F. Köçərli adına Respublika Uşaq Kitabxanasının, Milli-İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA), “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək Təşkilatının nümayəndələri, millət vəkilləri, dövlət qurumlarının əməkdaşları, əlilliyi olan şəxslər, mütəxəssislər, şagird və müəllim heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva qonaqları salamlayaraq, onları 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edib.

Səbinə Əliyeva sözügedən sosial yönümlü layihəni olduqca yüksək qiymətləndirərək, jest dilinin, Brayl əlifbasının, ünsiyyətin bütün digər üsullarının rəsmi münasibətlərdə qəbulu və istifadəsinin təmin olunmasının ölkəmizin də iştirakçısı olduğu BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının tələblərindən biri olduğunu vurğulayıb.

Ombudsman onu da bildirib ki, belə bir əlamətdar tarix ərəfəsində bu cür mühüm əhəmiyyətə malik sosial yönümlü layihənin reallaşdırılması olduqca əhəmiyyətlidir və ölkəmizdə jest dilinin inkişaf etdirilməsinə böyük töhfə verəcəkdir. Çıxış zamanı o da diqqətə çatdırılıb ki,  2021-ci il Beynəlxalq İnsan Hüquqları Gününün devizi məhz bərabərliklə bağlıdır. Belə ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının 10 dekabr tarixi ilə əlaqədar “Biz hər birimiz insanıq və biz bərabərik” çağırışı hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi sahəsində səylərimizi birləşdirməyə səsləyir.

Ombudsman Səbinə Əliyeva hər kəsi ayrı-seçkiliyə yol verməməyə, bərabərlik və inklüzivlik prinsiplərini rəhbər tutaraq sosial statusundan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi və təşviqi istiqamətində birgə əməkdaşlığa çağırıb.

Digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşüb və layihənin əhəmiyyətini vurğulayıblar. Onlar Ombusmanın təşəbbüsünü yüksək dəyərləndirərək birgə əməkdaşlığın əlilliyi olan uşaqların hüquqlarının təmininə mühüm töhfə verəcəyini qeyd ediblər.

Tədbir zamanı uşaqlar öz hüquqları ilə bağlı səhnəciklər nümayiş etdiriblər.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilib.