Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib

29-11-2021 246 dəfə oxunub
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib

Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin hazırlanması məqsədilə tövsiyələrin işlənib hazırlanmasına həsr olunmuş iki günlük regional seminar keçirilib. Regional səviyyədə qurumlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan seminarda dövlət qurumları, QHT nümayəndələri və BMT-nin ekspertləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova, Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın miqrasiya agentlikləri, region ölkələrindən vətəndaş cəmiyyəti və təhsil qurumlarının nümayəndələri iştirak ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova çıxış edərək, Ombudsman təsisatının miqrantların hüquqlarının təbliği və müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, bu şəxslərin vəziyyəti, ehtiyacları, problemləri və müraciətləri araşdırılaraq təhlil edilir, nəticələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin hüquq-müdafiə mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq davam etdirilir. 

Çıxışı zamanı qeyd edilib ki, ölkə respublikamızın sərhədlərindən kənarda məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinin operativ və hərtərəfli təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti, xarici dövlətlərin ombudsmanları, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə yaradılmış əməkdaşlıq əlaqələrindən geniş istifadə olunur. 

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev ölkə Ombudsmanının miqrasiya sahəsində gördüyü səmərəli işləri və əməkdaşlığın inkişafı məqsədilə irəli sürdüyü təşəbbüslərini yüksək qiymətləndirdiyini, habelə gələcəkdə də MRTM-in fəaliyyətində Ombudsman təsisatının insan hüquqları sahəsində beynəlxalq təcrübəsindən geniş istifadə ediləcəyini vurğulayıb. 

Tədbirdə müxtəlif mövzularda təqdimatlar edilib, geniş müzakirələr aparılıb və MRTM-in Yol Xəritəsinin ilkin konseptual layihəsi hazırlanıb.