Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional Mərkəzləri Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş maarifləndirici tədbirlər keçirib

10-12-2021 216 dəfə oxunub
Ombudsmanın Regional Mərkəzləri Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş maarifləndirici tədbirlər keçirib

Ombudsmanın Quba, Şəki, Gəncə, və Cəlilabad Regional Mərkəzləri tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Müxtəlif qurumlar ilə birgə və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən maarifləndirici tədbirlər zamanı iştirakçılar Beynəlxalq İnsan Hüquqları Gününün tarixi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları barədə məlumatlandırılıblar.

Tədbirlərdə habelə ölkəmizin müstəqillik əldə etdikdən sonra insan hüquqlarına dair çoxsaylı beynəlxalq sənədlərə qoşulması, milli qanunvericiliyin təkmilləşdirilməsi, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki çoxşaxəli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Regional mərkəzlərin bu kontekstdə keçirdikləri növbəti tədbirlər isə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində baş tutub.

Sözügedən kampaniya çərçivəsindəki maarifləndirici tədbirlər zamanı da iştirakçılar ölkə Konstitusiyasında və digər normativ hüquqi aktlarda, ölkəmizin iştirakçısı olduğu beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin“Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasında (CEDAW) hüquq bərabərliyi, qadınlara qarşı ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyinin təsbit olunduğu barədə məlumatlandırılıb.

Müvafiq sahədə dövlət siyasətinin formalaşması istiqamətində atılmış addımlar və institusional islahatlar barəsində müzakirələr aparılıb.

Tədbirlərdə bu sahədə işlərin icrası zamanı qeyri-hökumət təşkilatlarının iştirakının əhəmiyyəti bir daha vurğulanıb.

İştirakçılara Ombudsmanın müvafiq sahədəki fəaliyyəti və bu istiqamətdə irəli sürdüyü mühüm təkliflər, habelə 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi barədə də geniş məlumat verilib.