Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub

07-12-2021 225 dəfə oxunub
“Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birgə “Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda dəyirmi masa təşkil edib. 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş və hibrid formatda keçirilən tədbirdə dövlət qurumları, məhkəmə orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq qurumlar, səfirliklər və xarici ölkələrin ombudsman təsisatlarının nümayəndələri iştirak ediblər.

Tədbirin açılış hissəsində Ombudsman Səbinə Əliyeva, BMT-nin rezident əlaqələndiricisi Vlandanka Andreyeva, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq, GIZ-in Azərbaycan üzrə direktoru Karin Hörhan çıxış ediblər. 

Daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xaqani Məmmədov, Penitensiar Xidmətin rəis müavini Orxan Qasımov, Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov,  “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli müxtəlif məruzələrlə çıxış ediblər. 

Türkiyə Ombudsmanı Fatma Benli Yalçın, Mərakeş Krallığı Ombudsmanı Mohamed Benalilou, Avropa Şurası Anti-diskriminasiya Departamentinin rəhbəri Stefano Valenti tədbirə videokonfrans formatında qoşularaq çıxış ediblər.

Ombudsman Səbinə Əliyeva açılış nitqi ilə çıxışı zamanı qonaqları salamlayıb və milli insan hüquqları təsisatlarının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının vacibliyinə toxunub.

Tədbirin Beynəlxalq İnsan Hüquqları Gününə həsr edildiyini bildirən Ombudsman Vətən müharibəsində qazanılan zəfərin artıq məcburi köçkün vətəndaşlarımızın fundamental insan hüquqlarının təmininə zəmin yaratdığını vurğulayıb. 

S.Əliyeva nəzərə çatdırıb ki, pandemiya dövründə insanların Ombudsman təsisatına müraciət etməsi üçün imkanlar genişləndirilib. Bununla yanaşı, Ombudsman Aparatında şəhid ailələri və müharibə veteranları, əlilliyi olan şəxslər, uşaqlar kimi həssas əhali qruplarının hüquqları ilə bağlı ayrıca sektorlar yaradıldığı, bu sahədə vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq edildiyi qeyd olunub. 

Tədbirdə bu mövzuda Ombudsman Aparatı və GIZ tərəfindən Quba, Şəki, Lənkəran və Gəncədə keçirilmiş tədbirlərin yekunları, habelə iştirakçılar arasında aparılmış sorğuların nəticələri də müzakirə edilib.