Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman qadınlara qarşı zorakılıqla bağlı tədbirdə çıxış edib

25-11-2021 283 dəfə oxunub
Ombudsman qadınlara qarşı zorakılıqla bağlı tədbirdə çıxış edib

25 Noyabr – Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Günündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Qadına şiddətə son” adlı sosial aksiya çərçivəsində keçirilmiş tədbirdə iştirak edib.“Liatris Holding” şirkəti tərəfindən təşkil edilmiş tədbirin iştirakçıları sırasında bu sahədə fəaliyyət göstərən bir çox dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının rəhbər və nümayəndələri yer alıblar.

Ombudsman Səbinə Əliyeva tədbirdə çıxış edərək, demokratiyanın inkişafı, sosial ədalət və tolerantlığın əldə olunmasının gender bərabərliyindən asılı olduğunu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 5-ci məqsədin məhz gender bərabərliyinə nail olunması, bütün qadın və qızlara səlahiyyət verilməsinə aid olduğunu qeyd edib.

Çıxışda milli qanunvericiliyimizin qadınların hüquq bərabərliyini nəzərə alaraq onlara qarşı hər növ ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərdiyi, respublikamızda ildən-ilə gender siyasəti sahəsindəki qanunvericilik bazasının daha da gücləndirildiyi bildirilib. Ombudsman onu da qeyd edib ki, qadınların hakimiyyət orqanlarında, qərar qəbuletmə prosesində bütün səviyyə və formalarda iştirakının əhəmiyyəti daha da artır.

S. Əliyeva qadınların hüquqlarının təmin edilməsi, onların təhsil və sağlamlıqla bağlı problemlərinin həlli, gender bərabərliyi sahəsində mövcud olan stereotiplərin aradan qaldırılması və qadınların ictimai həyatdakı mövqeyinin müdafiəsinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. Ombudsman qadınların hüquqlarının təşviqi və müdafiəsi məqsədilə aidiyyəti dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə də əməkdaşlıq edildiyini bildirib.

Çıxış zamanı bu yaxınlarda Ombudsmanın təşəbbüsü əsasında keçirilmiş ənənəvi “Uşaq Hüquqları Aylığı” çərçivəsində də erkən evliliyin qarşısının alınması məqsədilə onlayn maarifləndirici təlimlərin keçirildiyi, qız uşaqlarının təhsildən yayınması, habelə məişət zorakılığının qarşısının alınması, ana və körpə ölümü ilə bağlı məsələlərin müzakirə edildiyi də diqqətə çatdırılıb.

S.Əliyeva çıxışında qadın hüquqlarının daha etibarlı müdafiəsi və gender bərabərliyinin səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən çoxsaylı təkliflər irəli sürüldüyünü də vurğulayıb.

Yekunda tədbir iştirakçıları gender əsaslı zorakılığın aradan qaldırılmasına yönəlmiş tədbirlərin əlaqələndirilməsinin önəmini vurğulayaraq, bu sahədə milli insan hüquqları təsisatı olan Ombudsman Aparatı, dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektorun əməkdaşlığının daha da genişlənməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd ediblər.