Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib

03-12-2021 227 dəfə oxunub
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliyaya rəsmi səfəri çərçivəsində növbəti görüşlərini keçirib. Ombudsman  İtaliya Respublikası Senatının İnsan hüquqlarının müdafiəsi və təşviqi üzrə fövqəladə komissiyasının sədri, senator Corcio Fede və Komissiya üzvləri ilə görüşüb.

S.Əliyeva görüşdə çıxış edərək ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Ombudsman ölkəmizdə bir çox xalqların, müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşadığını bildirib. Azərbaycanın tolerantlıq modelinin dünyanın 28 universitetində, o cümlədən Roma Sapienza Universitetində də öyrənildiyi diqqətə çatdırılıb.

Ombudsman çıxışı zamanı Azərbaycanın Ermənistan tərəfindən uzun illər məruz qaldığı işğal, terror, nifrət siyasətinin nəticələrinidiqqətə çatdırıb. S.Əliyeva Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, beynəlxalq hüquq və insan hüquqları pozuntuları barədə ətraflı məlumat verib.

İkinci Qarabağ müharibəsində mülki obyektlərin atəşə tutulması nəticəsində 100-dən çox şəxsin həyatını itirdiyi, 450-dən çox şəxsin xəsarətlər aldığı, çoxsaylı məktəb, bağça, xəstəxana və digər infrastruktur binalarının, dini-tarixi abidələrin dağıldığı vurğulanıb. Ombudsman bu müharibə zamanı qadağan edilmiş silahlardan, kaset tipli sursatlar və ağ fosfor bombalarından istifadə faktını da qeyd edib. Azad edilmiş bölgələrdəki mina təhlükəsinin ciddiliyinə diqqət çəkən Ombudsman Birinci Qarabağ müharibəsindən bəri itkin sayılan azərbaycanlılarla bağlı Ermənistan tərəfinin məlumat verməməsinin yaratdığı narahatlığı da diqqətə çatdırıb.

S.Əliyeva çıxışı zamanı müharibə vəpostmüharibə dövründə beynəlxalq qurumların rəsmiləri, xarici ölkə ombudsmanları, diplomatik nümayəndəliklərlə görüşlər keçirdiyini,beynəlxalq ictimaiyyətə qeyd edilən hallarla bağlı foto və video faktların yer aldığı hesabatların, müraciətlərin ünvanlandığını əlavə edib. Ombudsman İtaliyanın müvafiq qurumlarına çağırış edərək, sözügedən məsələlərlə bağlı yerində araşdırmalar aparmaq üçün onları ölkəmizə dəvət edib.

Daha sonra Ombudsman İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti, deputat Ettore Rosatonun təşkilatçılığı ilə keçirilən brifinqdə iştirak edib. E.Rosato Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib, müharibədən sonra senatorlarla birgə ölkəmizə səfər edərək Gəncədə dağıntılara şahid olduğunu qeyd edib. Daha sonra Ombudsman kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, Ombudsmanın çıxışı İtaliya Senatının televiziyası vasitəsilə canlı yayımlanıb, həmçinin xarici mətbuatda geniş işıqlandırılıb.