Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Bolqarıstandan olan nümayəndə heyəti Milli Məclisin sədri ilə görüş keçirib

25-10-2021 270 dəfə oxunub
Bolqarıstandan olan nümayəndə heyəti Milli Məclisin sədri ilə görüş keçirib

Məlumdur ki, Azərbaycan Ombudsmanının beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində artıq bir neçə xarici nümayəndə heyəti işğaldan azad edilmiş və Vətən müharibəsi dövründə hücuma məruz qalmış ərazilərdə yerində araşdırmalar aparmaq məqsədilə ölkəmizə səfər edib. Faktaraşdırma səfərlərindən öncə ilkin tanışlıq xarakterli məlumatların təqdim edilməsi məqsədilə həmin nümayəndə heyətlərinin bir sıra dövlət qurumlarında görüşləri təşkil edilir. 

Bu məqsədlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və onun dəvəti ilə ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü keçirilib. 

Milli Məclisin sədri qonaqları salamlayaraq, Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından danışıb. S.Qafarova çıxışı zamanı Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatlar barədə məlumat verib. 

 Nümayəndə heyəti 44 günlük müharibə dövründə Ermənistan tərəfindən mülki yaşayış məntəqələrinin qadağan edilmiş silahlardan atəşə tutulması nəticəsində insan hüquqlarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halları barədə də məlumatlandırılıb, həmçinin bu hallarla yerində tanış olmaq imkanının əhəmiyyəti qeyd olunub. 

Öz növbəsində Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri A.Cumaliyeva səmimi qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycan Ombudsmanı ilə imzaladığı Anlaşma Memorandumunun qarşılıqlı əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Görüş zamanı ayrı-seçkiliklə mübarizə sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.