Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində başçəkmələr davam etdirilib

19-11-2021 247 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində başçəkmələr davam etdirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Təhsil Nazirliyinin tabeliyindəki uşaq müəssisələrinə başçəkmələr davam etdirilib.

Bakı şəhərində yerləşən 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə, Gəncə, Siyəzən və Şəkidə yerləşən inteqrasiya təlimli internat tipli gimnaziyalara, Quba Xüsusi Peşə Məktəbinə başçəkmələr həyata keçirilib. Başçəkmələrdə məqsəd uşaq hüquqlarının təmini vəziyyətinin yoxlanılması, bu müəssisələrdə saxlanma şəraitinin, uşaqlarla rəftarın və mövcud vəziyyətin araşdırılması olub.

Başçəkmələr çərçivəsində müəssisələrdə yataqxana, sinif otaqları, idman zalı, kitabxana, mətbəx və digər inzibati otaqlara baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli isti və soyuq su təminatı və sənədləşmə araşdırılıb. 

Başçəkmələr zamanı havanın temperaturunun aşağı olmasına baxmayaraq, müəssisələrin bəzilərində sinif otaqlarının, yataqxananın və digər obyektlərin isidilmədiyi müəyyən edilib. Başçəkmə zamanı Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın korpuslarından birində istiliklə təchizatın mövcud olmadığı, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin bəzi hissələrində məcburi köçkünlər məskunlaşdığından müəssisədə sıxlığın və əsaslı təmirə ehtiyacın olduğu, Quba Xüsusi Peşə Məktəbində saxlanma şəraitinin uşaqlar üçün uyğun olmadığı müşahidə edilib.

Siyəzən Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada əvvəllər müəyyən edilmiş nöqsanlar aradan qaldırılsa da, tibb məntəqəsində bir sıra dərman vasitələrinin istifadə müddətinin bitdiyi aşkar olunub.

Müəssisələrdə saxlanma şəraiti, zəruri inventarla təminat və sənədləşmə ilə əlaqədar çatışmazlıqlar rəhbərliyin diqqətinə çatdırılıb, onların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verilib.