Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional  mərkəzləri Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirlər keçirib

18-10-2021 203 dəfə oxunub
Ombudsmanın regional  mərkəzləri Müstəqilliyin Bərpası Gününə  həsr olunmuş tədbirlər keçirib

Məlum olduğu kimi, müstəqilliyimizin bərpasının 30-cu ildönümü ərəfəsində qəbul edilmiş 2021-ci il 15 oktyabr tarixli Qanuna uyğun olaraq 18 oktyabr tarixi Müstəqilliyin Bərpası Günü elan edilib. Bu münasibətlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba, Gəncə və Şəki Regional Mərkəzləri müxtəlif tədbirlər təşkil edib. 

Ombudsmanın regional mərkəzlərinin müxtəlif qurumların rayon nümayəndəlikləri ilə birgə təşkil etdikləri, habelə şəhid ailələrinin, qazilərin və geniş ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlər zamanı 18 oktyabr tarixinin ölkəmiz üçün əhəmiyyəti vurğulanıb. Bu il 30 ili tamam olan müstəqilliyimizin qazanılmasının tarixi barədə qısa məlumat verilib, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımızın öz müstəqilliyini bərpa etdiyi, Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun təsbit edildiyi bildirilib.        

Çıxışlar zamanı 30 illik müstəqillik dövrü ərzində ölkəmizdə həyata keçirilmiş məhkəmə-hüquq islahatları, xüsusilə də insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində əldə edilmiş nailiyyətlərdən danışılıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar nəticəsində Azərbaycan Ordusunun dünyanın güclü ordularından birinə çevrildiyi və 30 ilə yaxın Ermənistanın  işğalı altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında azad edildiyi, artıq Azərbaycan xalqının 18 oktyabr tarixini qalib xalq kimi qeyd etdiyi vurğulanıb.  

Tədbirlər zamanı Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində çoxşaxəli fəaliyyəti barədə də ətraflı məlumat verilib.      

Daha sonra iştirakçılar mövzu  ilə əlaqədar çıxışlar edərək  fikirlərini bildiriblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin nümayəndəsi isə Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən birgə təşkil edilmiş şəhid ailələri və qazilərlə görüşdə iştirak edib. Tədbir zamanı şəhidlərin ailə üzvlərinə və qazilərə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə verilmiş medallar təqdim olunub.