Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasındakı əməkdaşlıq çərçivəsində “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı üzrə Ombudsman Aparatı tərəfindən regionlarda dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üçün “Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi” mövzusunda silsilə təlimlər təşkil olunur.
Noyabr ayında keçirilən növbəti təlimdə Şəki şəhərində Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Aparatın Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova təlimçi-ekspert qismində çıxış ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Z. Vəliməmmədli iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayaraq, təlimin mövzusu və əhəmiyyəti barədə məlumat verib.
Ombudsmanın Şəki Regional Mərkəzinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndəliklərinin və vətəndaş cəmiyyəti institutlarının təmsil olunduqları təlimlərdə yaxşı idarəçiliyin xüsusiyyətləri və əhəmiyyəti, bununla bağlı beynəlxalq norma və prinsiplər, mübahisələrin alternativ həlli yolları, mediasiyanın tətbiqi, Ombudsmanın mandatı və yaxşı idarəçiliyə təsiri aspektləri, şikayət və müraciətlərə baxılması qaydası, biznes və insan hüquqları və informasiya əldə etmək hüququnun təmini mövzularında təqdimatlar edilib. Bununla yanaşı, praktiki misallar təhlil olunub, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Təlim zamanı dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli əlaqələrin gücləndirilməsinin yaxşı idarəçiliyin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.