Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla tədbir keçirilib

16-11-2021 888 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş, 2021-ci il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura tərəfindən onlayn tədbir təşkil olunub.

Tədbirin məqsədi ölkədə uşaq hüquqlarının təmini ilə bağlı mövcud vəziyyətin müzakirə edilməsi və bu istiqamətdə təkliflərin hazırlanmasından ibarət olub.

Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, millət vəkili Nigar Arpadarai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı proqramının təmsilçiləri ölkədə uşaq hüquqlarının təmini vəziyyəti, uşaqlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması mövzuları üzrə çıxışlar edib. 

Bununla yanaşı, İctimai Şuranın sədri və üzvləri fəaliyyətləri zaman uşaq hüquqlarının müdafiəsi və təmini sahəsində rastlaşdıqları mövcud çatışmazlıqlar barədə məlumat verib və boşluqların aradan qaldırılması istiqamətində təkliflər səsləndirib. 

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva tədbirdə çıxış edərək Müvəkkilin aylıqla bağlı çağırışına qoşulmaqla belə tədbirin təşkil edilməsinə görə İctimai Şuraya təşəkkürünü bildirib, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının implementasiyası, uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunması üçün qurumlar arasında əlaqələndirmənin əhəmiyyətli olduğunu vurğulayıb.

N.Ağayeva aylıq çərçivəsində Müvəkkilin Vətən müharibəsi şəhidlərinin ailələri və övladlarına ziyarətləri, Ombudsman Aparatı və Müvəkkilin Regional Mərkəzləri tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri və Milli Preventiv Qrup tərəfindən uşaq müəssisələrinə keçirilən başçəkmələr barədə məlumat verib. Tədbirdə uşaq hüquqlarının səmərəli müdafiəsi, uşaqlara qarşı zorakılığa dair qaldırılan məsələrlə bağlı Müvəkkil tərəfindən görülən işlər və irəli sürülən təkliflər iştirakçıların diqqətinə çatdırılıb.