Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman məcburi köçkünlərin pozulmuş hüquqlarına dair hesabatın təqdimatı ilə bağlı tədbirdə çıxış edib

12-10-2021 226 dəfə oxunub
Ombudsman məcburi köçkünlərin pozulmuş hüquqlarına dair hesabatın təqdimatı ilə bağlı tədbirdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabatın təqdimatı ilə bağlı Bakı Dövlət Universitetində keçirilmiş tədbirdə iştirak edib.

Tədbirdə məruzə ilə çıxış edən Ombudsman təqdim edilən hesabatın hüquqi və siyasi baxımdan xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Ombudsman Ermənistanın uzun illər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğal, terror, etnik təmizləmə və soyqırım siyasəti nəticəsində azərbaycanlıların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu vurğulayıb. S.Əliyeva 30 ilə yaxın müddət ərzində beynəlxalq təşkilatların işğal faktı ilə bağlı qəbul etdiyi sənədlərdə təsbit olunmuş tələblərin sadəcə kağız üzərində qaldığını təəssüflə qeyd edib.

Eləcə də, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərinin qadağan edilmiş uzaqmənzilli silahlardan istifadə edərək atəşə tutulması ilə vətəndaşlarımızın insan hüquq və azadlıqlarının kobudcasına pozulduğu vurğulanıb.

Məruzədə Ombudsmanın Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması ilə bağlı fəaliyyəti, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığı, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilmiş faktaraşdırıcı missiya hesabatları, bəyanatları və müraciətləri ilə bağlı iştirakçılara məlumat verilib. Ombudsman müharibə ilə bağlı beynəlxalq qeyri-hökumət təşkilatları, beynəlxalq hüquq üzrə mütəxəssislər tərəfindən daha sonra hazırlanmış hesabatlarda bu sənədlərə istinad edildiyini bildirib.

Yekunda S.Əliyeva bu mövzu ilə əlaqədar faktların araşdırılması və hesabatlar formasında sənədləşdirilməsi məqsədilə Ombudsman Aparatı və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığın qurulması, o cümlədən müvafiq işçi qrupunun təşkili ilə bağlı təklif irəli sürüb.