Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı nümayəndəsi ilə görüşüb

12-11-2021 273 dəfə oxunub
Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz Ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib. Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov da iştirak edib.

Ombudsman Səbinə Əliyeva qonağı salamlayaraq, təsisatın BMT qurumları ilə əməkdaşlığının əhəmiyyətinə toxunub. O, çıxışı zamanı Ombudsman Aparatının fəaliyyətindəki yeniliklər barədə məlumat verib. 

Görüş zamanı “BMT-nin İnsan Hüquqları mexanizmləri”, “BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı yerli qeyri-hökumət təşkilatlarının maarifləndirilməsi” mövzularında təlimlərin təşkili, paytaxtda və bölgələrdə əhaliyə pulsuz hüquqi yardım layihəsinin həyata keçirilməsi, əhali arasında hüquqi maarifləndirmənin genişləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub. 

Bununla yanaşı, Ombudsman Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər nəticəsində beynəlxalq hüququn kobudcasına pozulması faktlarından söz açaraq, təsisatın bu mövzuda təqdim etdiyi hesabat, bəyanat və müraciətlər barədə məlumat verib. Qeyd olunub ki, minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi və Ermənistan tərəfinin səbəb olduğu digər bir çox təxribatların qarşısının alınması üçün beynəlxalq təşkilatların ədalətli mövqe və çağırışları böyük önəm daşıyır.

V.Şkolnikov öz növbəsində qəbula görə təşəkkürünü bildirib və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində təmsil etdiyi qurumla Ombudsman təsisatı arasında əlaqələrin uğurla davam etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər iki qurum arasında müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.