Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

01-02-2024 1748 dəfə oxunub
Ombudsman Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

Görüş zamanı Ombudsman qonağa mandatı, insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib. 

Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan Müvəkkil bır sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlığa dair sazişlər imzalandığını və qarşılıqlı əlaqələrin inkişaf etdirildiyini qeyd edib. Bildirib ki, bu kimi əlaqələr insan hüquqları sahəsində təcrübə mübadiləsi ilə yanaşı, müsbət ölkə təcrübələrinin beynəlxalq arenaya çıxarılmasında da mühim rol oynayır. 

Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər nüfuzlu beynəlxalq qurumlar ilə əməkdaşlığa toxunan Müvəkkil  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, o cümlədən ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələri ilə bağlı geniş məlumat verib, Ombudsman təsisatının BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) tərəfindən həyata keçirilən Universal Dövri İcmal prosesində fəal iştirak etdiyini, dövri məruzələrin təqdim edildiyini vurğulayıb.

Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.

Ombudsman gender bərabərliyinin təbliği və təmini, qadın hüquqlarının müdafiəsi, zorakılığa və erkən nikahlara qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyətdən bəhs edib, Bakı Dövlət Universitetində “Genderə giriş” fənnini tədris etdiyini, təsisat tərəfindən eyni adda mühazirələr toplusunun hazırlandığını diqqətə çatdırıb.

Müvəkkil Milli Preventiv Mexanizm fəaliyyəti barədə də məlumat verərək əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələrin keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını, verilmiş tövsiyələrin icrasının nəzarətdə saxlanıldığını qeyd edib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də məlumat əldə olunmadığını bildirib. Otuz illik işğal dövründə Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan danışan Ombudsman mina probleminin vətəndaşların həyat və sağlamlığına təhdid yaratdığını, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb.

Müvəkkil Ermənistanın ölkəmizə qarşı nifrət və müharibə cinayətləri ilə bağlı xüsusi hesabatların hazırlandığını və beynəlxalq təşkilatlara, xarici ombudsman və milli insan hüquqları institutlarına göndərildiyini söyləyib.

Səbinə Əliyeva növbədənkənar prezident seçkiləri ərəfəsində Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda və regionlarda vətəndaşların seçki hüququnun təmini mövzusunda birgə hüquqi-maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qonağın diqqətinə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.