Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 6 Noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə bağlı Bəyanatı

06-11-2021 268 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 6 Noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə bağlı Bəyanatı

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi ziyan vurulmaqla beynəlxalq ekoloji cinayətlər (ekosid) törədilmişdir.

Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal zamanı mülki əhali ilə yanaşı, flora və faunanın, ətraf mühitin bioloji müxtəlifliyinin nümunələrini də hədəf seçmişdir. 30 ilə yaxın işğal müddətində ölkəmizin ekoloji sistemi məqsədli olaraq məhv edilmişdir.

Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan “Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair” 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır.

BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur.

Göstərilən faktlar Ermənistanın Azərbaycana qarşı işğal və ekoloji terror siyasəti nəticəsində ölkəmizin su ehtiyatlarına, flora və faunasına ciddi zərər vurulduğunu sübut edir. Azərbaycanın işğal altında olan ərazilərində uzun illər ərzində meşələr qırılmış, yanğınlar törədilərək meşə fondu məhv edilmiş, Azərbaycanın və regionun ekosisteminə hələ uzun müddət bərpa edilməsi mümkün olmayacaq ziyan vurulmuşdur. İşğal illərində xüsusilə otlaq, biçənək və meşələrin yandırılması, qanunsuz ov etmə halları ərazidə yaşayan canlıların məhv olmasına və ya ərazidən miqrasiya etməsinə səbəb olmuşdur.

İşğal dövründə Azərbaycan Respublikasının təbii sərvətləri talanmış, heç bir ekoloji norma gözlənilmədən qanunsuz şəkildə istehsal sahələri yaradılmaqla istismar edilmişdir.

2020-ci il noyabrın 10-da imzalanmış və müharibəyə son qoymuş üçtərəfli Bəyanata əsasən, azad edilən rayon və şəhərlərimizi tərk edərkən ermənilər tərəfindən törədilmiş yanğınlar və dağıntılar, ekologiyanın məhvinə yönəldilmiş siyasət region üçün mühüm təhlükə mənbəyi olmaqla ciddi narahatlıq doğurmuşdur.

Eyni zamanda, uzun illər ərzində işğal altında olan ərazilərdən axan çaylar Ermənistan tərəfindən müxtəlif mənşəli tullantılar və çirkab suları ilə çirkləndirilmişdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi su resurslarından siyasi təsir və ya təzyiq aləti kimi istifadə etmişdir. Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin, habelə kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “Ölü zonaya” çevirmişdir.

Bu baxımdan 6 Noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ərəfəsində beynəlxalq qurumlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara müraciət edərək, Ermənistan tərəfindən törədilmiş ekoloji terrorun nəticələrinin aradan qaldırılmasına dəstək verməyə, həmin ekoloji cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görməyə çağırıram.

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

6 noyabr 2021-ci il