Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının kollektivi Zəfər Günü ərəfəsində şəhidlərin xatirəsini anıb

06-11-2021 371 dəfə oxunub
Ombudsman Aparatının kollektivi Zəfər Günü ərəfəsində şəhidlərin xatirəsini anıb

8 Noyabr - Zəfər Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən tədbirlər təşkil edilib. 

Əvvəlcə bu münasibətlə Ombudsman Aparatında tədbir keçirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Ombudsman Səbinə Əliyeva ilk dəfə qeyd edilən Zəfər Günü münasibətilə kollektivi təbrik edib, uzun illər həsrətlə gözlənilmiş bu tarixi hadisənin təqvimdə çox xüsusi yer tutduğunu bildirib. Ombudsman çıxışında ölkəmizin Zəfərə gedən tarixi yolu barədə danışıb, şəhid ailələrinə, o cümlədən onları yetişdirən valideynlərə və müharibədən sonra dünyaya gəlmiş şəhid övladlarına daim hörmət və qayğı ilə yanaşılmasının vacibliyini vurğulayıb. Tədbir zamanı Aparatın Vətən müharibəsində iştirak etmiş qazi əməkdaşına xatirə hədiyyəsi təqdim edilib.

Sonra Ombudsman və Aparatın kollektivi  II Fəxri xiyabanı ziyarət edərək, İkinci Qarabağ müharibəsi və Tovuz döyüşləri zamanı həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. S.Əliyeva həmin mərasimdə iştirak edən məktəblilərin səsləndirdiyi şeirləri dinləyib, onlara vətənpərvər gənclər kimiyetişmələri və bu tarixi gələcək nəsillərə ötürmələri ilə bağlı tövsiyələr verib. 

Daha sonra Ombudsman Aparatının kollektivi “YAŞAT” Fondunun təşkilatçılığı ilə keçirilən, Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Yarmarkasına da baş çəkib.

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik!