Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən növbədənkənar prezident seçkiləri ilə əlaqədar yekun maarifləndirmə tədbiri keçirilib

02-02-2024 1472 dəfə oxunub
Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən növbədənkənar prezident seçkiləri ilə əlaqədar yekun maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda paytaxt və regionlarda silsilə maarifləndirmə tədbirləri keçirilib. Bu mövzuda yekun maarifləndirmə tədbiri Naxçıvanda təşkil olunub. Tədbirdə hər iki qurumun, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ölkəmizdə seçki hüquqlarının təmini istiqamətində fəaliyyəti barədə məlumat verib, növbədənkənar prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası tərəfindən birgə əməkdaşlıqda paytaxtda və regionlarda vətəndaşların seçki hüququnun təmini mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edib. Ombudsman bu tədbirlərin seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsinə, eləcə də səsvermənin demokratik, sərbəst və şəffaf keçirilməsinə xidmət etdiyini bildirib.

Müvəkkil demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinin ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində keçiriləcəyini qeyd edib.

Ombudsman, həmçinin vətəndaşların seçki hüquqlarının yüksək səviyyədə təmin olunması istiqamətində Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyinin müşahidə edildiyini bildirib.

Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev növbədənkənar prezident seçkiləri ərəfəsində MSK tərəfindən görülən işlərdən, həyata keçirilən tədbirlərdən bəhs edib. O, seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini, bölmə vasitəsilə vətəndaşların öz adlarını seçici siyahısında yoxlaması və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənməsi üçün şərait yaradıldığını bildirib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” mövzusunda çıxış edərək, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini diqqətə çatdırıb. A.Səfixanlı seçki prosesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasında Ombudsman təsisatının rolunun əhəmiyyətini vurğulayıb, təsisatın müşahidəçilik təcrübəsi haqqında danışıb.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva təsisat tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmini ilə əlaqədar vəziyyətin öyrənildiyini, müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qeyd edib.

Sonda mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.