Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman İƏT- in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

23-09-2021 230 dəfə oxunub
Ombudsman İƏT- in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK)  sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Ombudsman Səbinə Əliyeva qonaqlara Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzkarlıq, işğalçılıq və terror siyasəti nəticəsində soydaşlarımızın insan hüquqlarının kobud şəkildə pozulması, mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri barədə ətraflı məlumat verib.

Ombudsman Səbinə Əliyeva 27 sentyabr 2020-ci il tarixindən Ermənistanın növbəti ərazi iddiaları ilə ölkəmizə qarşı təcavüzü zamanı yaşayış obyektlərinə, sosial infrastruktura, mədəni-tarixi abidələrə, eyni zamanda mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə olunması nəticəsində uşaq, qadın, ahıllar da daxil olmaqla çoxsaylı insan tələfatı və dağıntlıların olduğunu bildirib. Müvəkkil vurğulayıb ki, Azərbaycan Respublikası özünümüdafiə hüququndan istifadə edib və öz əzəli torpaqlarının bütövlüyünün bərpası məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun əks-həmlə əməliyyatları başlaması ilə 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədalət bərqərar olmuş və işğal altında olan ərazilərimiz azad edilmişdir.

Görüşdə səfər çərçivəsində həyata keçiriləcək faktaraşdırıcı missiya, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri barəsində müzakirələr aparılıb. 

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil  Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya dəvətə görə öz dərin təşəkkürünü bildirib. Qonaqlarla faktaraşdırıcı missiyanın məqsəd və məramı haqqında fikir mübadiləsi aparılıb.

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil  Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli, sədrin müavini Açıkgül Hacı Ali, Komissiya katibliyinin direktoru Javed Saqlain, Komissiya katibliyinin icraçı direktoru Butt Marghoob Saleem, işğaldan azad edilmiş, həmçinin Vətən Müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və obyektləri hədəfə alan raket hücumları nəticəsində dağıdılmış  ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsmanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdədirlər.