Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələrində yaradılmış vəziyyətlə tanış olub

05-02-2024 916 dəfə oxunub
Ombudsman işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələrində yaradılmış vəziyyətlə tanış olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ərəfəsində silsilə maarifləndirmə tədbirləri davam etdirilir. “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilmiş tədbirlər Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda təşkil olunub.

Tədbirlərin davamı olaraq, Ombudsman Səbinə Əliyeva tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmini də daxil olmaqla, seçki prosesi ilə bağlı ümumi vəziyyətin araşdırılması üçün ölkəmizin işğaldan azad olunmuş ərazilərində müşahidələr həyata keçirilib.

Xankəndi, Şuşa və Laçında yeni yaradılmış seçki məntəqələrində aparılmış müşahidələr zamanı Müvəkkil növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olub, məntəqələrdə seçici siyahılarına baxış keçirib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən tədbirlər, seçki hüququnun təmini istiqamətində görülən işlərlə maraqlanıb.

Ombudsman öz doğma torpaqlarına geri qayıtmış vətəndaşlarla da görüş keçirib, seçki prosesi, seçicilərin hüquqları, vəzifələri və digər məsələlər barədə müzakirələr aparıb.

İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığı müşahidə olunub.

Sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcəkdir. Belə ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.