Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi “Mediasiya institutunun insan hüquqlarının qorunmasında rolu” mövzusunda onlayn hüquqi maarifləndirici təlim təşkil edib

10-09-2021 197 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi “Mediasiya institutunun insan hüquqlarının qorunmasında rolu” mövzusunda onlayn hüquqi maarifləndirici təlim təşkil edib

Ombudsmanın Gəncə Regional Mərkəzi və Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, gənclərin geniş iştirakı ilə “Mediasiya institutunun insan hüquqlarının qorunmasında rolu” mövzusunda onlayn hüquqi maarifləndirici təlim keçirilib. 

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında ölkəmizdə mübahisələrin məhkəmədən kənar alternativ həlli üçün yeni fəaliyyətə başlayan mediasiya institutunun cəmiyyətdə münaqişələrin azaldılması və qarşısının alınması, həmçinin insan hüquqlarının müdafiəsində mühüm rol oynadığını diqqətə çatdırıb. Onlayn təlimdə iştirakçılara mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında ətraflı məlumat verilib.

S.Abbasov Azərbaycan Ombudsman təsisatının insan hüquqları sahəsində müxtəlif mövzularla yanaşı mediasiya institutu barədə də cəmiyyətdə məlumatlılığın artırılması məqsədilə müntəzəm olaraq hüquqi maarifləndirmə tədbirləri keçirdiyini vurğulayıb.

Aktiv müzakirə şəraitində davam edən onlayn tədbirdə ölkəmizdə yeni təşəkkül tapmaqda olan mediasiya institutu barədə verilmiş məlumatlar maraqla qarşılanıb, bu institutun cəmiyyətdə münaqişələrin sülh yolu ilə həll edilməsinə mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.