Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün onlayn təlim təşkil edilib

07-09-2021 276 dəfə oxunub
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün onlayn təlim təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Dövlət Miqrasiya Xidməti ilə birgə əməkdaşlığı çərçivəsində insan hüquqları sahəsində biliklərin artırılması məqsədilə həmin Xidmətin əməkdaşları üçün onlayn təlim keçirilib. Təlim “İnsan alveri və məcburi əmək qurbanlarının hüquqlarının müdafiəsi” və “Əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının qorunması” mövzularını əhatə edib.

Təlimdə çıxış edən Ombudsman Aparatının sektor müdiri Turan Cahangirova həssas əhali qruplarından olan qadınlar, uşaqlar, qaçqınlar, sığınacaq axtaran şəxslər, vətəndaşlığı olmayan şəxslər və əməkçi miqrantların sosial-psixoloji xüsusiyyətləri, mövcud pandemiya şəraitində onların hüquq və qanuni maraqlarının səmərəli qorunması üzrə milli və beynəlxalq mexanizmlər barədə ətraflı məlumat verib. 

T.Cahangirova tədbir iştirakçılarını ölkə Ombudsmanının fəaliyyətinin hüquqi əsasları və istiqamətləri, həmçinin Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması və təhlili ilə bağlı əldə edilmiş nəticələr barədə məlumatlandırıb. O, Müvəkkilin beynəlxalq hüquq normalarının, o cümlədən “Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”nın implementasiya və koordinasiya olunması prosesində, bu sahədə işin təkmilləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasında, habelə BMT-nin eyni adlı Komitəsinin tövsiyələrinin icra olunmasında aktiv iştirak etdiyini və irəli sürdüyü təkliflərin nəzərə alındığını vurğulayıb.  

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Onlayn təlimdə Dövlət Miqrasiya Xidmətinin Regional miqrasiya idarələrinin nümayəndələri də iştirak ediblər.