Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri davam  etdirilir

05-11-2021 273 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri davam  etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş, 2021-ci il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən yerli icra hakimiyyətləri ilə birgə Bakı şəhərinin Səbail, Nərimanov, Nizami, Qaradağ və Pirallahı rayonlarından olan məktəblilər və müəllimlər üçün uşaq hüquqlarının müdafiəsinə dair hüquqi maarifləndirici təlimlər təşkil olunub.

Təlim zamanı şagirdlərə uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib, ayrı-seçkiliyin formaları və onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizə məsələlərinə toxunulub.

Bununla yanaşı, təlim iştirakçısı olan şagirdlərə və müəllimlərə hüquq pozuntusu ilə qarşılaşdıqları zaman Müvəkkilin 916 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlamaları tövsiyə olunub.

Təlim uşaqların fəal iştirakı ilə müzakirə şəklində keçirilib, onların fikirləri öyrənilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.

Keçirilən maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda Müvəkkilin iştirakı tövsiyə edilmiş tədbirlərin icrasına töhfə vermiş olur.

Aylıq çərçivəsində təlimlərin regionlarda və paytaxtın digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.