Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Aparatının rəhbəri ahıl şəxslərin hüquqlarına dair regional konfransda iştırak edib

21-07-2021 334 dəfə oxunub
Ombudsmanın Aparatının rəhbəri ahıl şəxslərin hüquqlarına dair  regional konfransda iştırak edib

20 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Gürcüstan Respublikasının Xalq Müvəkkili Ofisinin təşkil etdiyi “Ahıl şəxslərin hüquqları və Ombudsmanların (Milli insan hüquqları təsisatlarının) Rolu”na dair regional konfransda iştirak edib. 

Onlayn tədbirə müxtəlif regional Ombudsman institutlarının nümayəndələri, BMT-nin Ahıl şəxslərin hüquqlarının təmini üzrə nümayəndəsi, Avropa Şurasının məsul şəxsləri və digər ekspertlər qatılıb. 

         A. Səfixanlı çıxışı zamanı beynəlxalq və milli qanunvericiliyi ahılların hüquqlarının təmini və müdafiəsi prizmasından təhlil edib. O ölkə qanunvericiliyi, xüsusilə də Konstitusiya yolu ilə dinindən, dilindən, yaşından və digər xüsusiyyətlərindən asılı olmayaraq bütün vətəndaşların hüquq və məhkəmə qarşısında bərabərliyinə təminat verildiyini, ahıl vətəndaşların ölkədə Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqlarından faydalandıqlarını bildirib. 

O, Ombudsmanın müvafiq sahədə fəaliyyətindən danışarkən bu kimi şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığını, hüquqi maarifləndirmə tədbirlərin keçirildiyini, aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edildiyini vurğulayıb. Ombudsmanın mandatı çərçivəsində milli preventiv mexanizmin funksiyalarının icrası zamanı sosial xidmət müəssisələrinə başçəkmələrin həyata keçirildiyi söylənilib. Həmin monitorinqlər zamanı sosial müəssisələrdəki ahılların hüquqlarının təmini məsələləri, onlar üçün yaradılmış şəraitin müyəssərliyi, qidalanma, tibbi və sosial xidmətlərə çıxış imkanları, asudə vaxtın səmərəli təşkili məsələlərinin araşdırıldığı qeyd edilib.

Aparat rəhbəri Ombudsman təsisatının və Regional Mərkəzlərinin əməkdaşlarınınpandemiya dövründə ölkənin müxtəlif yerlərində yerləşən sosial xidmət müəssisələrində ahıl insanların xüsusi karantin rejimi şəraitində hüquqlarının təmini vəziyyətinin öyrənildiyini və onların COVID-19 infeksiyasından qorunması istiqamətində görülən işlərin monitorinq edildiyini və bu istiqamətdə zəruri tapşırıq və tövsiyələrin verildiyini bildirib. COVID-19 pandemiyası dövründə Ombudsmanın 916 Çağrı Mərkəzinin ahıl şəxslərin müraciətlərinin qəbulunda effektiv rol oynadığı, yüksək risk qrupuna daxil, yaşı 65-dən yuxarı olan aztəminatlı və tənha şəxslərə xüsusi qayğı göstərildiyi, habelə onlara sosial-məişət və tibbi xidmətlərin təşkil olunduğu da diqqətə çatdırılıb.

Ombudsmanın nümayəndəsi Aparat tərəfindən sağlam həyat tərzinin təbliği, ahılları gündəlik həyatında lazım ola biləcək hüquqi biliklərlə məlumatlandırma məqsədilə “Layiqli Ahıllığa doğru” vəsaitinin hazırlandığını və bu vəsaitin ahıl şəxslərin dövlət yardım və xidmətləri barəsində müvafiq qanun və prosedurlar barədə maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. Bundan başqa, təsisat tərəfindən BMT-nin Əhali Fondunun dəstəyi ilə “Müdrik ahıllardan bəhrələnək!” adlı kitabçanın da hazıranaraq işıq üzü gördüyü bildirilib.

Tədbirdə iştirakçılar regionda ahılların hüquqlarının müdafiəsi sahəsində tətbiq olunan iş təcrübəsini bölüşüb.