Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Suriyada qalan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması Ombudsmanın diqqətindədir

31-05-2021 279 dəfə oxunub
Suriyada qalan Azərbaycan vətəndaşlarının   ölkəyə qaytarılması Ombudsmanın diqqətindədir

Azərbaycan vətəndaşları olan yaxın qohumlarını Suriyada axtaran bir sıra şəxslər müxtəlif vaxtlarda Ombudsmana müraciət ediblər. Onlar həmin ölkədə gedən müharibədə müxtəlif qrupların tərkibində döyüşən qohumlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların oradakı düşərgələrdə girov kimi saxlanıldıqlarını bildiriblər. Müraciətlərdə, eyni zamanda yaralı və xəstələrin tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qaldıqları da qeyd edilib.

Ombudsman Səbinə Əliyevaya müraciət edən şəxslər ölkə vətəndaşları olan və Suriyada qalan qohumlarının respublikamıza qaytarılmasında köməklik göstərilməsini xahiş ediblər.

Ombudsman həmin ölkədə qalan vətəndaşlarımızın qaytarılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədi ilə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə keçirilən görüşdə də Səbinə Əliyeva Suriya ərazisində girov kimi saxlanılan Azərbaycan vətəndaşlarının mövcud vəziyyətini, onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələlərini geniş müzakirə edib.

Yeri gəlmişkən, Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində 2021-ci ilin 27 may tarixində 6-sı qadın və 14-ü uşaq olmaqla, Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.