Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib

07-02-2024 1342 dəfə oxunub
Ombudsman növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Səsvermədən sonra Müvəkkil jurnalistlərə müsahibəsi zamanı Ombudsman Aparatı tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Ombudsman bildirib ki, təsisatın və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda silsilə maarifləndirmə tədbirləri təşkil olunub.

Səbinə Əliyeva bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində müşahidələrin həyata keçirildiyini bildirərək deyib: “İşğaldan azad edilmiş ərazilərimizdə təşkil edilmiş 26 yeni seçki məntəqəsində bu ərazilərdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazimi şəraitin yaradıldığı tərəfimizdən müşahidə olunub. Sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçirilir”. 

Eyni zamanda, qeyd edilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin 60 nəfər əməkdaşı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının 12 nəfər əməkdaşı növbədənkənar prezident seçkilərində müşahidəçi qismində seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, penitensiar müəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalı müəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə aparırlar: “Bu gün hər bir müşahidəçimiz yerlərdə aldığı məlumatı hər saatdan bir Ombudsmana ötürür və bu barədə müvafiq məlumat operativ tərzdə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən media vasitəsilə ictimaiyyətə çatdırılır”.