Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə hüquqi maarifləndirmə tədbirləri keçirib

19-06-2021 209 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə hüquqi maarifləndirmə tədbirləri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü əsasında ölkəmizdə elan olunmuş 18 may-18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” başa çatdı. Aylıq çərçivəsində Ombudsmanın Gəncə, Cəlilabad, Şəki və Quba regional mərkəzləri tərəfindən silsilə hüquqi maarifləndirmə tədbirləri təşkil edilib. Tədbirlər regional mərkəzlərin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müxtəlif dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzi “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə”, “Məişət zorakılığı ilə mübarizənin hüquqi və etik aspektləri”, “Gender əsaslı zorakılıqla mübarizə”, “Əlillik baryer deyil”, “Hüquqlarımızı bilək və zərərli vərdişlərə yox deyək!” “İnformasiya əldə etmək hüququ”, “Narkomaniya bəşəri faciədir” mövzularında onlayn hüquqi maarifləndirmə tədbirləri keçirib.

Qeyd olunan aylıq çərçivəsində Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən insan hüquqlarının təmininə həsr olunmuş müxtəlif mövzularda, o cümlədən məişət zorakılığına və erkən nikah hallarına qarşı effektiv mübarizə, gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, onlar arasında anti-sosial davranışın qarşısının alınması mövzularında onlayn tədbirlər, habelə elmi-praktiki konfrans təşkil edilib. 18 iyun tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilmiş yekun tədbirdə Ombudsman Aparatı tərəfindən çap edilmiş nəşrlər də nümayiş etdirilib.

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən aylıq ərzində “İnsan hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda videokonfranslar keçirilib, həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaq müəssisələrində tədbirlər təşkil edilib.

Aylıq çərçivəsində Ombudsmanın Quba Regional Mərkəzi isə "Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları", “Məişətdə uşaqlara qarşı zorakılıq halları və onlara qarşı necə mübarizə aparılmalı” və digər mövzularda videokonfranslar keçirib, habelə Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində tədbir təşkil edib.

Tədbirlərdə əsasən Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, bu sahədə mövcud olan çətinliklər barədə müzakirə aparılıb. Əhalinin müxtəlif qrupları arasında insan hüquqları ilə bağlı maarifləndirmənin genişləndirilməsi məqsədilə təşkil olunmuş tədbirlərdə bu sahədə qəbul edilmiş beynəlxalq sənədlər və milli qanunvericilik aktları,  həmçinin Ombudsmanın səlahiyyətləri və pozulmuş insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində fəaliyyəti barədə iştirakçılara məlumat verilib.

Bununla yanaşı, Cəlilabad, Quba, Şəki və Gəncədə informasiya əldə etmək hüququnun təmini ilə əlaqədar Ombudsmanın fəaliyyəti ilə bağlı təşkil edilmiş hüquqi maarifləndirici tədbirlərdə də həmin regional mərkəzlərin rəhbərləri iştirak ediblər.