Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər təşkil edib

31-03-2021 241 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirib. 

Ombudsmanın Gəncə Regional Mərkəzinin Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsi və Bərdə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı və gənclərin iştirakı ilə  keçirdiyi tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1918-ci ildə daşnak erməni millətçiləri dinc azərbaycanlıları məhz milli və dini zəmində xüsusi qəddarlıqla öldürmüş, diri-diri yandırmış, tarixi və mədəniyyət abidələri, mülki obyektləri dağıtmışlar. 

Tədbirdə çıxış edən gənclər isə bu soyqırımın ölkə gəncləri arasında və beynəlxalq səviyyədə təbliğ edilməsinin əhəmiyyətini vurğulayıblar.

Ombudsmanın Şəki Regional Mərkəzinin bu mövzuda Şəki şəhər Mərkəzi Kitabxanası ilə birgə tələbə və şagirdlərin iştirakı ilə keçirdiyi videokonfrans, həmçinin Zaqatala şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təşkil etdiyi tədbir zamanı Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov mövzuya dair çıxış edib. O, “Böyük Ermənistan” yaratmaq niyyəti güdən erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə və deportasiya siyasəti apardığını, bu siyasətin ən dəhşətli nümunəsinin 1918-ci ildəki  kütləvi qırğınlar olduğunu, Bakı quberniyasından başlanan qırğının ölkənin digər bölgələrində də xüsusi qəddarlıqla həyata keçirildiyini, yüzlərlə kəndin məhv edildiyini bildirib. 

Ombudsmanın Quba Regional Mərkəzi də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölməsi ilə birgə müxtəlif dövlət qurumları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirib. Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçıları Ombudsmanın bununla bağlı beynəlxalq təşkilatlara ünvanladığı bəyanatla tanış edib. 

Daha sonra tarixçi-ekspert Anar Murtuzov 1918-ci ildə baş vermiş soyqırımın tarixi barəsində çıxışı zamanı ermənilərin  Azərbaycan xalqına qarşı törətdikləri bu soyqırım hadisələrini ört-basdır etməyə çalışdıqlarını, lakin Azərbaycan hökümətinin cinayətin dünya ictimaiyyətinə çatdırılmasında gördüyü ardıcıl tədbirlər nəticəsində buna nail ola bilmədiklərini söyləyib.

Regional mərkəzin əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə Astara, Yardımlı və Zərdab rayon Heydər Əliyev Mərkəzləri, Astara rayon Pedaqoji Kolleci, Gənclər və İdman İdarəsi, Tarix-diyarşünaslıq muzeyi, Dövlət Rəsm Qalereyası, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, M.Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbi, Səməd Vurğun adına Astara rayon Təngərüd kənd tam orta məktəbi, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının nümayəndələri və könüllülərlə birgə videokonfrans təşkil edib. 

Videokonfransda soyqırımın tarixi ilə yanaşı, 26 mart 1998-ci il tarixində Azərbaycanda bu cinayətə siyasi qiymət verildiyi, bu dəhşətli hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Ombudsman institutunun müntəzəm olaraq tədbirlər həyata keçirdiyi vurğulanıb. 

Videokonfransda  müxtəlif qurumların əməkdaşları və gənclər çıxışlar ediblər. Bu hadisələri törədən ermənilərin məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratdığı, özlərinin avantürist torpaq iddialarını pərdələdikləri qeyd olunub. 

Keçirilən tədbirlərdə Ombudsmanın 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatı iştirakçıların diqqətinə çatdırılıb.