Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi onlayn hüquqi maarifləndirimə tədbirləri keçirib

15-03-2021 271 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi onlayn hüquqi maarifləndirimə tədbirləri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi digər dövlət qurumları ilə birlikdə erkən nikah problemi və narkomaniyaya qarşı mübarizə ilə bağlı onlayn hüquqi maarifləndirmə tədbirləri təşkil edib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsi ilə birgə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda videokonfrans təşkil olunub.

Videokonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, DQİDK-nın və Təhsil Nazirliyinin yerli bölmələrinin əməkdaşları və şagirdlər, ümumilikdə 100 nəfər iştirak edib. Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z. İsmayılov “Erkən nikahların səbəbləri və yaratdığı fəsadlar”,  “Erkən nikahlarla bağlı dünyada vəziyyət” mövzularında məruzə edib.

Videokonfransda iştirakçılar tərəfindən mövzu ilə əlaqədar çıxışlar edilib. Müzakirələrdə cəmiyyətimizdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında məqamlara toxunulub, bu istiqamətdə  maarifləndirmə işlərinin daha intensiv aparılmasının vacibliyi vurğulanıb. 

Növbəti maarifləndirmə tədbiri Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Astara rayonunda yerləşən bir sıra təşkilatların, müxtəlif mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı səmərəli mübarizə və sağlam həyat tərzinin təbliği” mövzusunda keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, tələbə-gənclər və yuxarı sinif şagirdləri iştirak ediblər

Regional Mərkəzin rəhbəri Ziya İsmayılov və digər qurumların nümayəndələri mövzu ilə əlaqədar çıxışlar ediblər. Çıxış edənlər narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın qlobal bir bəla olduğunu, cinayətkarlığın artması, terrorizmi maliyyələşdirərək beynəlxalq təhlükəsizliyə ciddi təhdid olması və sair kimi problemləri vurğulayıblar. 

Tədbirdə narkomaniyaya qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən atılan addımlar barəsində geniş məlumat verilərək, müvafiq sahədə mübarizənin gücləndirilməsi istiqamətində  bir sıra mühüm hüquqi sənədlərin qəbul edildiyi və uğurla həyata keçirildiyi bildirilib. O da vurğulanıb ki, ölkə Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" görülən tədbirlərin davamıdır. 

Eyni zamanda, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların və digər tədbirlərin keçirilməsi  nəzərdə tutulduğu bildirilib.

Tədbirdə Astara rayon Dövlət Rəsm Qalereyasının şagirdlərinin “Narkomaniyaya yox deyək!” mövzusunda çəkdikləri rəsmlərin virtual sərgisi də keçirilib.

Mövzu ətrafında müzakirələr zamanı ölkəmizin bütün sərhədyanı yaşayış məntəqələrində narkomanlıqla bağlı yaranmış real vəziyyəti nəzərə almaqla, bu inzibati ərazilərdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, maariflənmə, müalicə-bərpa sahəsində fəaliyyətin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. 

Keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.